Bakı. 29 dekabr. REPORT.AZ/ “Azərbaycan müstəqilliyini qazananda respublikada cəmi 17 məscid var idi, indi 2050 məscid var. 1600 məscid daimi fəaliyyət göstərir. Bu gün Azərbaycanda bayram namazlarına, cümə namazlarına diqqət yetirsək, 300-350 min vətəndaş məscidlərə gedərək dini ayinləri icra edirlər. Bütövlükdə isə məscidlər gün ərzində 600-700 min insanı dini ayinləri icra etmək üçün qəbul etmək imkanındadır”. “Report”un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı YAP-ın rəsmi saytına müsahibəsinə deyib. O bildirib ki, ölkə məktəblərinin yuxarı siniflərində, yəni 9-10-cu siniflərdə din tədris olunsa yaxşı olar: “Çünki bu, gənclərin formalaşdığı bir dövrdür. Dərsliyin adı isə “Dini bilgilərin əsasları” və ya “Din və mədəniyyətin əsasları” ola bilər. Azərbaycan multikulturalizm, tolerantlıq məkanıdır və bütün bunlar dərslikdə özünün geniş əksini tapa bilər. Düşünürəm ki, belə bir dərslik, fənn yarım dərs ili ərzində məktəblərdə tədris oluna bilər. Burada dinin mahiyyəti əks olunmalıdır. Eyni zamanda, zərərli cərəyanlar haqda da bilgilər verilməlidir ki, gənclər ayıq-sayıq olsunlar”.
M.Qurbanlı qeyd edib ki, hazırda 30 ölkədə qanlı toqquşmalar gedir. Onların 12-i dini zəmindədir, etnik və ideoloji zəmində də toqquşmalar var: “Dini konfessiyalar və dindaxili toqquşmalar da mövcuddur. Təəssüf ki, belə toqquşmalar İslam ölkələrində çoxdur. Dini zəmində toqquşmaları isə radikal cərəyanlar törədir. Təkcə ötən 14 il ərzində planetimizdə baş vermiş toqquşmalarda 1 milyon 200 min nəfər həlak olub. Bunların da xeyli hissəsi dini toqquşmalar nəticəsində baş verib. Amma Tövrat, İncil, Quran və digər müqəddəs kitabların heç birində müharibəyə çağırış, insanların öldürülməsi çağırışları yoxdur. Müqəddəs kitabların hamısı insanları humanizmə, sülhə, qardaşlığa çağırır. Eyni zamanda, müsəlmanların müqəddəs kitabı olan Qurani Kərim insanları sülhə çağırır. Bu mənada bunlar haqda məlumatları oxuyan 14-15 yaşında gənclər radikalların arxasınca gedə bilməzlər. Bəzi adamlar var ki, Qurandan bir neçə ayə, hədis əzbərləyib meydana çıxaraq özlərini dini dərindən bilən adamlar kimi göstərməyə çalışırlar. Onlar tarixdə baş verən hadisələri bu günə daşımağa çalışırlar. Bu, yolverilməzdir. Hadisələr o zamanlarda qaldı. Tarixdə kimsə nəsə edibsə, indi heç kim ona cavabdeh deyil”.
M.Qurbanlı deyib ki, Azərbaycanda dini durumu gərginləşdirmək üçün kənar qüvvələrin təsiri hələ tam kəsilməyib: “Bu cəhdlər var. Azərbaycanda da icmalar arasında süni yollarla gərginlik yaratmağa, Yaxın Şərqdəki vəziyyəti ölkəmizə ixrac etməyə məlum şəbəkə tərəfindən təşəbbüslər göstərilir, buna böyük vəsaitlər ayrılır. Ancaq bütün bu cəhdlər uğursuzluğa düçar olur.
Əvvəla, ona görə ki, Azərbaycanda düzgün dini siyasət həyata keçirilir. Dövlətlə ruhani kəsim arasında qarşılıqlı anlaşma və etimad mühiti bərqərar olub. Hər bir konfessiya, dini icma daşıdığı hüquqi, mənəvi öhdəliyini dərk edir və buna əməl edir. Digər tərəfdən, aparılan düzgün maarifləndirmə işi dini icmalar arasında yarana biləcək hər hansı bir anlaşılmazlığı aradan qaldırır. Vurğulamağı zəruri saydığım bir məsələ də budur ki, dini icmalarla birgə əməkdaşlığımız nəticəsində bu sahədə mövcud olan “beşinci kolonlar”ı da iflasa uğrada bilmişik. Eyni zamanda, Azərbaycanda dini zəmində hansısa ixtilaf yaratmaq cəhdinin qarşısını almaq gücündə olan mükəmməl hüquq-mühafizə sistemi var.
Bu baxımdan, tam əminliklə deyə bilərəm ki, Azərbaycanda siyasi yönümdə gərginlik yarada bilməyən məlum anti-azərbaycançı şəbəkə dini yönümdə də arzuladığı və planladığı təfriqələri həyata keçirə bilməyəcək”.