Bakı. 30 noyabr. REPORT.AZ/ "İŞİD-dən azad olunan ərazilərdə ayrı-ayrı ölkələrdən gələn şəxslər müəyyənləşdirilir".
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmçinin Azərbaycanda da ora aldadılaraq ailə üzvləri, övladları ilə aparılan şəxslər olub: "Bu məsələdə Azərbaycanda xüsusi qurumlar məşğuldur. Azərbaycan vətəndaşlarının, xüsusilə Suriya və İraqdakı uşaqların geriyə qaytarılması istiqamətində işlər davam etdirilir. Bir nəfər də olsun Azərbaycan vətəndaşı, uşaqlar kənarda qala bilməz. Onların qaytarılması dövlətin diqqət mərkəzindədir. Suriya və İraqda “İŞİD” terror təşkilatının fəaliyyəti getdikcə aradan qaldırılır".
Dövlət Komitəsinin sədri qeyd edib ki, qeyri-qanuni silahlı birləşmələrə qoşulan şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq cinayət işləri qaldırılıb, onlar qanun qarşısında cavab verməli olacaqlar.