Bakı. 19 fevral. REPORT.AZ/ “Ölkə üzrə Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi siyahı üzrə din xadimləri maaş alacaq”.
Bunu “Report”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.
Onun sözlərinə görə, din xadimlərinin maaşlarında fərq olacaq: “Bölgü imam, naibi-imam və mütəvəllilər (vəqfi idarə edən şəxs) arasında aparılacaq. Həmin din xadimlərinin işləri dəyərləndikdən sonra onlara müavinət veriləcək”.
Təkliflərin sənəd şəklində hazırlanaraq Maliyyə Nazirliyinə təqdim olunduğunu deyən M.İsmayılov qeyd edib ki, din xadimlərinin maaşları kart vasitəsilə veriləcək: “Sənədlər iki həftəyə yaxındır ki, Nazirliyə göndərilib. Güman edirəm ki, yaxın günlərdə yekun qərar məlum olacaq”.
Fondun icraçı direktoru vurğulayıb ki, maaş alan din xadimlərinin işlərinə nəzarət ediləcək: “Təbii ki, işə gəlməyən din xadimlərinin maaşı kəsiləcək. Məqsəd məscidlərin nəzarətsiz qalmamasıdır”.
Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident İlham Əliyevin keçən ilin oktyabr ayının 10-da imzaladığı fərmanla ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunmasını və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.