Bakıda Din Xadimlərinin II Forumu keçirilib - YENİLƏNİB
- 24 dekabr, 2025
- 16:45
Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib.
"Report" xəbər verir ki, "Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusuna həsr olunmuş 400-ə yaxın din xadimi, media nümayəndləri, müəllimlər və qonaqlar iştirak ediblər.
Forum çərçivəsində "Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri", "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları", "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar" və "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" mövzularında panel müzakirələr aparılıb.
Tədbirdə dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, din xadimlərinin peşəkar inkişafı, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Sonda Din Xadimlərinin II Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Bakıda Azərbaycan Din Xadimlərinin II Forumu öz işinə başlayıb.
"Report" xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumları və din xadimləri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak edirlər.
"Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusuna həsr olunan forumun məqsədi "Konstitusiya və Suverenlik İli" çərçivəsində dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirəsidir.
Tədbirdə "Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri", "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları", "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar" və "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" mövzularında panel müzakirələri təşkil olunacaq.