Azərbaycanda aprelin 20-nə keçən gecə Bakıda və ölkənin regionlarında yerləşən pravoslav məbədlərində pasxa ibadətləri keçirilib.
“Report” xəbər verir ki, bu il həm katoliklər, həm də pravoslavlar Pasxanı eyni gündə – aprelin 20-də qeyd edirlər. Bu nadir təsadüf müxtəlif təqvimlərin xüsusiyyətləri ilə izah olunur.
İsa Məsihin dirilməsi, yaxud Pasxa, ən mühüm xristian bayramlarından biridir.
Bayram ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev pravoslav xristian icmasına təbrik məktubu ilə müraciət edib.
“Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər”, – dövlət başçısının məktubunda qeyd olunub.
“Report” Bakı və Azərbaycan Yepiskopu Aleksinin rəhbərlik etdiyi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında gecəyarısı keçirilmiş bayram ibadətindən fotoreportaj təqdim edir.




























