Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri İrandakı Azərbaycan səfirliyinə terror hücumunu pisləyən bəyanat yayıb.
"Report" xəbər verir ki, bəyanatda deyilir:
"Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonları üzrə din xadimləri, dini icma sədrləri 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin binasına qarşı törədilən təcavüz aktını qətiyyətlə pisləyir və siyasi məqsədli terror aktı kimi qiymətləndirir. Müstəqil Azərbaycanın suveren ərazisinin – Səfirliyimizin və onun əməkdaşlarının hədəfə alınması ölkəmizə qarşı yönəlmiş və ümumən beynəlxalq hüquqa zidd terror aktıdır.
Tehrandakı Səfirliyimizin mühafizəsini təmin edərkən – dövlətimizin qorunması yolunda qəhrəmancasına şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, hücumu dəf edərkən yaralanan mühafizə əməkdaşlarına Allahdan şəfalar diləyirik.
Azərbaycanın dini cameəsi, eləcə də bölgədə fəaliyyət göstərən din xadimləri də bu cinayəti qətiyyətlə pisləyir. Bəyan edirik ki, ölkəmizə qarşı baş vermiş bu hadisə məzhəbindən asılı olmayaraq Azərbaycan dindarları tərəfindən hiddətlə qarşılanır. Müsəlman qardaşını təhdid etmək, Allah evlərini murdarlayan Erməni təcavüzkarlarına tərəfə silah, hərbi yardım ötürmək müsəlmanlıqla bir araya sığmır. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir. Biz də bir Azərbaycan vətəndaşı və din xadimləri olaraq tələb edirik ki, terror aktının üstünün açılması üçün bütün araşdırmalar dərindən və Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə aparılmalıdır.
Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, bütün Azərbaycan vətəndaşları dinindən və məzhəbindən aslı olmayaraq dindarları ölkəmizə qarşı məkrli qüvvələrin təxribatlarını hiddətlə qarşılayır, kəskin pisləyir. Azərbaycan Səfirliyinə siyasi sifarişlə hücum yolverilməz təxribatdır və bütün Azərbaycan dindarları tələb edirlər ki, İran hökuməti hadisə ilə bağlı lazımi ölçü götürsün, terrorda əli olanları təcili cəzalandırsın.
Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!".