İsmayıl Serageldin Hörmüz boğazının bağlanmasının qlobal nəticələri barədə xəbərdarlıq edib

Region
  • 11 mart, 2026
  • 15:54
İsmayıl Serageldin Hörmüz boğazının bağlanmasının qlobal nəticələri barədə xəbərdarlıq edib

Hörmüz boğazının blokadası dünya iqtisadiyyatı üçün ciddi nəticələrə səbəb ola bilər - vəziyyət neftin qiymətinin artması ilə məhdudlaşmayacaq, əhəmiyyətli inflyasiya və qlobal tənəzzül riskləri mövcuddur.

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən mətbuat konfransında Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin bəyan edib.

Onun sözlərinə görə, Hörmüz boğazı qlobal neft tədarükü üçün strateji əhəmiyyətə malikdir, çünki dünya neft istehlakının təxminən üçdə biri buradan keçir.

"İstənilən blokada - istər raketlərdən, minalardan istifadə etməklə, istərsə də digər yollarla - bu trafiki pozur. Elə qeyri-müəyyənliyin özü neft qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb: hələ bir neçə həftə əvvəl bir barelin qiyməti 60 dollar civarında idisə, indi qiymət 100 dolları keçir", - o qeyd edib.

İ.Serageldin vurğulayıb ki, boğazın uzunmüddətli blokadası dünya iqtisadiyyatı üçün irimiqyaslı nəticələrə səbəb ola bilər: "Bu, təkcə inflyasiyanın artmasına deyil, həm də ehtimal olunan resessiyaya gətirib çıxara bilər, çünki dünyanın bir çox yerlərində istehsal yavaşlayar".

Onun sözlərinə görə, nəticələr gübrə istehsalı, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, eləcə də dizel və aviasiya yanacağı kimi yanacaq bazarları da daxil olmaqla, digər sahələrə də təsir göstərər:

"Bu, dünya iqtisadiyyatının müxtəlif sektorlarında zəncirvari reaksiya yaradır. Müxtəlif ölkələr bundan fərqli şəkildə təsirlənəcək, lakin bir şey aydındır - bu artıq lokal münaqişə deyil, qlobal iqtisadi nəticələri olan bir problemdir".

O əlavə edib ki, Yaxın Şərqdəki münaqişənin tezliklə həlli həlledici əhəmiyyətə malikdir: "Müharibələr təkcə insanlar üçün deyil, həm də iqtisadi inkişaf və daha yaxşı həyatla təmin olunma imkanları üçün dağıdıcıdır".