İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir
- 12 mart, 2026
- 10:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Ermənistan ticarət əlaqələri qurub, bu da əldə olunmuş sülhün uzunmüddətli olmasından xəbər verir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bildirib.
"Mən həmçinin dəfələrlə demişəm ki, biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq. Sülh sazişi paraflanıb, yeddi ay əvvəl biz Birgə Bəyannamə qəbul etmişik. Lakin bizim həm də yerdə real sülhümüz var", - o deyib.
Prezident məmnuniyyətlə vurğulayıb ki, bu gün Azərbaycan və Ermənistan sərhədində sülh hökm sürür.
"Sərhədimizdə sakit vəziyyət var - artıq atışmalar, qurbanlar və itkilər yoxdur. Biz müxtəlif istiqamətlərdən Ermənistana mal daşınmasına dair bütün məhdudiyyətləri aradan qaldırmışıq. Hətta Ermənistanla ticarətə başlamışıq. Biz həyati əhəmiyyətli neft məhsullarının ixracına başlamışıq və bununla da sülhə - müvəqqəti deyil, daimi sülhə sadiqliyimizi nümayiş etdiririk. Bu, bizim strategiyamız və siyasətimizdir və bu, bir daha göstərir ki, Azərbaycan sülhsevər ölkədir", - dövlət başçısı deyib.