Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi bir çox beynəlxalq aviaşirkəti regiona uçuşları dayandırmağa və ya münaqişə zonası üzərindəki hava məkanından yayınmağa məcbur edib.
“Report” xəbər verir ki, artıq dünyanın 20-dən çox iri aviadaşıyıcısı belə qərar verib.
Yunanıstanın “Aegean Airlines” şirkəti Beyruta uçuşları martın 29-na qədər, Əlcəzairin “Air Algerie” şirkəti isə növbəti xəbərdarlığa qədər dayandırıb. BƏƏ-nin “Air Arabia” aviaşirkəti Livanın paytaxtına uçuşları yalnız yanvarın 9-da bərpa edəcək. Latviyanın “airBaltic” şirkəti ən tezi yanvarın 28-dək İsrailin paytaxtı Təl-Əvivə uçmayacaq.
Avianəhənglər “Air France” və KLM Təl-Əviv və Beyruta uçuşlara tətbiq edilən qadağanı müvafiq olaraq ilin sonuna və yanvarın 5-nə qədər uzadıb. Onların aşağıbüdcəli “Transavia” şirkəti Təl-Əviv, Əmman və Beyruta uçuşları martın sonuna qədər ləğv edib. Hindistanın “Air India”, Honkonqun “Cathay Pacific” və Türkiyənin “Corendon Airlines” şirkətləri də İsraillə uçuşları dayandırıb.
“Delta”, “EasyJet”, “British Airways”, “Iberia”, “Vueling”, “Lufthansa”, “Ryanair” kimi Amerika və Avropanın ən böyük aviaşirkətləri Təl-Əvivə və regionun digər şəhərlərinə bir neçə aydan iki ilədək olan dövr üzrə uçuş imtinası tətbiq ediblər. İran və İraq aviaşirkətləri tərəfindən Beyruta uçuşlar qeyri-müəyyən müddətə ləğv olunub.