Yaponiyada 1400 yanğınsöndürən güclü meşə yanğınları ilə mübarizə aparır
- 26 aprel, 2026
- 11:15
Yaponiya ölkənin şimal hissəsindəki meşə yanğınları ilə mübarizə aparmaq üçün 1400 yanğınsöndürən və 100 özünümüdafiə qüvvələri heyətini səfərbər edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
İvate prefekturasının Otsuçi ərazisindəki yanğınlar artıq beşinci gündür ki, davam edir və alov şəhərinin yaşayış məntəqələrini təhdid edir.
26 aprel səhəri etibarilə yanğın 1373 hektar ərazini əhatə edib. Son 24 saat ərzində yanmış ərazi təxminən 7% artıb.
Hakimiyyət orqanlarının əmri ilə 1541 ev təsərrüfatından 3233 nəfər təxliyə edilir. Bu, Otsuçinin əhalisinin təxminən üçdə birini təşkil edir.
Şəhər meri Kozo Hirano bildirib ki, quru hava və külək yanğınsöndürmə işlərini çətinləşdirir. O əlavə edib ki, özünümüdafiə qüvvələri havadan su atmaq üçün helikopterlərdən istifadə edir, lakin yanğın hələ də söndürülməyib.
Yaponiya Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına görə, hazırkı yanğınlarda bir nəfər xəsarət alıb. Yanğınların səbəbi hələlik məlum deyil və araşdırma davam edir. Sinoptiklər 26 və 27 apreldə bölgədə yağış gözləmir, 28 apreldə isə qısamüddətli yağış yağacağı ehtimal olunur.