Yaponiyanın Naqoya şəhərindən olan sənaye dronları istehsalçısı “Prodrone” Ukraynaya ərazilərin minatəmizlənməsində istifadə olunacaq pilotsuz uçuş aparatları tədarük etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “Nikkei” biznes qəzeti məlumat verib.
Sözügedən dronlar yerin səthindən təxminən 50 santimetr hündürlükdə hərəkət edə bilirlər. Yaponiya şirkəti minaların axtarışı texnologiyalarına malik deyil, bununla Ukrayna tərəfdaşları məşğul olacaqlar.
“Prodrone” pilotsuz uçuş aparatlarının istehsalı üçün 40 milyon dollar məbləğində subsidiya alacaq, tədarüklər 2025-ci ildə başlamalıdır.
Tokio daha əvvəl Ukraynaya minaların zərərsizləşdirilməsi sahəsində yardım göstərmişdi. Belə ki, Ukrayna tərəfinə minaları böyük dəqiqliklə tapmağa imkan verən 4 ALIS qurğusu, həmçinin 50 metal detektoru verilib.