Bakı. 26 oktyabr. REPORT.AZ/ Yaponiyanın Baş naziri Şinzo Abe Tacikistandan sonra Özbəkistana rəsmi səfərə gəlib.
Şinzo Abenin Özbəkistan Prezidenti İslam Kərimovla görüşündə ölkələr arasında ticarət-iqtisadi, sərmayə qoyuluşu, maliyyə-texniki, mədəni-humanitar məsələlər müzakirə edilib, regional və beynəlxalq siyasətin aktual problemləri diqqət mərkəzində olub.
Yaponiya hökumətinin Özbəkistanda yeni istehsal sahələrinin yaradılması və tibbi xidmətin yaxşılaşdırılmasına 12,7 milyard ien (105 milyon dollar) ayrılması haqqında razılıq əldə edilib.
Görüşdə deyilib ki, ümumiyyətlə Yaponiya hökuməti Özbəkistanda həyata keçiriləcək layihələrə 1 milyard dollar həcmində vəsait qoymağı nəzərdə tutur.
Tərəflər yüksək texnologiyalar sahəsində əlaqələrin daha da genişləndirilməsi və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi ilə bağlı fəaliyyətin əlaqələndirilməsi məsələlərini də müzakirə ediblər.
Görüşün yekununda Özbəkistanla Yaponiya arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi ilə bağlı Birgə bəyanat qəbul edilib, əməkdaşlığın genişləndirilməsi istiqamətində altı sənəd imzalanıb.