ABŞ Respublikaçı Partiyasından prezidentliyə namizəd Donald Trampın Ukrayna böhranının sülh yolu ilə həlli planı Rusiya və Ukrayna arasında mövcud təmas xətti boyunca demilitarizasiya olunmuş zonanın yaradılmasını və Rusiyanın Ukraynanın neytral statusuna dair zəmanətlər almasını nəzərdə tutur.
“Report” xəbər verir ki, bu barədə Trampın seçki kampaniyasındakı tərəfdaşı, vitse-prezidentliyə namizəd Ceyms Devid Vans ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş xüsusi təyinatlısı Şon Rayanın yutub kanalında müsahibəsində bildirib.
“Ehtimal ki, bu, belə görünəcək: Rusiya və Ukrayna arasındakı təmas xətti demilitarizasiya olunmuş zonaya çevriləcək <...>. Ukrayna öz müstəqilliyini və suverenliyini qoruyub saxlayacaq. Rusiya Ukraynadan neytral qalmaq, NATO-ya və bu kimi digər müttəfiq qurumlara qoşulmamaq barədə zəmanətlər alacaq”, – o bildirib.
Bundan əlavə, Vans qeyd edib ki, “Almaniya və digər ölkələr Ukraynanın bərpasını qismən maliyyələşdirməli olacaqlar”.