Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
- 04 noyabr, 2026
- 23:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Brüsseldə Ukrayna nümayəndələri ilə beynəlxalq tərəfdaşlar arasında ölkənin müharibədən sonrakı bərpası və 2027-ci ildə maliyyələşdirilməsi məsələlərinə həsr olunmuş iki görüş keçirilib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, ilk görüşdə Ukraynanın bərpasının əsas istiqamətlərini, investisiyaların cəlb edilməsini və iqtisadiyyatın inkişafını müəyyənləşdirəcək "Prosperity Plan" sənədi müzakirə olunub. Danışıqlarda Avropa Komissiyası, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, NATO, Dünya Bankı və "BlackRock" şirkətinin nümayəndələri iştirak ediblər.
Umerov bildirib ki, tərəfdaşlarla üzərində iş aparılan "Prosperity Plan" müharibədən sonra Ukraynanın necə bərpa ediləcəyini, investisiyaların necə cəlb olunacağını və iqtisadi inkişaf üçün hansı imkanların yaradılacağını müəyyənləşdirməlidir. Tərəflər sənəd üzrə konkret növbəti addımları və onların icra müddətlərini razılaşdırıblar.
İkinci görüşdə isə Ukrayna tərəfi 2027-ci il üçün maliyyə ehtiyaclarını, o cümlədən tələb olunan vəsaitin həcmini və büdcə kəsirinin qarşılanması yollarını tərəfdaşlarına təqdim edib. Tərəflər Rusiyadan qaynaqlanan təhdidləri və onlara qarşı birgə mübarizə tədbirlərini də müzakirə ediblər.
Umerovun sözlərinə görə, növbəti mərhələdə Brüsseldə Ukraynanın təhlükəsizlik təminatları ilə bağlı danışıqlar davam etdiriləcək.
O vurğulayıb ki, söhbət təkcə Ukraynanın təhlükəsizliyindən deyil, həm də müharibədən sonra bütün Avropanın yeni təhlükəsizlik arxitekturasından gedir. Onun fikrincə, Ukrayna bu sistemin ayrılmaz hissəsidir və ölkənin uzunmüddətli təhlükəsizliyi təmin edilmədən Avropanın da uzunmüddətli təhlükəsizliyinə nail olmaq mümkün deyil.