ABŞ lideri və Səudiyyə Ərəbistanının vəliəhdi Ağ Evdə danışıqlar aparıblar - YENİLƏNİB
- 19 noyabr, 2025
- 01:25
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra Ağ Evi tərk edib.
"Report"un məlumatına görə, iki lider jurnalistlərlə ilkin görüşündə bir sıra mövzulara toxunublar.
Liderlər arasındakı danışıqlar, görünür, təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinə, mülki nüvə enerjisi sferasında əməkdaşlığa və krallıqla milyardlarla dollarlıq biznes müqavilələrinin bağlanmasına yönəlib.
Tramp jurnalistlərə açıqlamasında iki ölkənin müdafiə sazişinə nail olduğunu bildirib, lakin ətraflı məlumat verməyərək, Səudiyyə Ərəbistanının Amerika istehsalı olan müasir F-35 qırıcı təyyarələri alacağını bildirib.
Ağ Ev rəhbəri həmçinin Səudiyyə Ərəbistanının İsrail ilə münasibətlərinin normallaşdırılması perspektivləri ilə bağlı müsbət cavab aldığını bildirib. Lakin vəliəhd şahzadə açıq şəkildə bildirib ki, İbrahim Sazişlərinə qoşulmaq istəsə də, İsrailin Fələstin dövlətinin yaradılmasını təsdiqləməsi şərtinə sadiqdir.
Məhəmməd bin Salman öz növbəsində ölkəsinin ABŞ-yə investisiyasını may ayında Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı vəd etdiyi 600 milyard dollardan 1 trilyon dollara çatdıracağına söz verib. Lakin o, təfərrüatlar və ya konkret müddət açıqlamayıb.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Səudiyyə Ərəbistanı vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudu qəbul edir.
"Report"un məlumatına görə, rəsmi qarşılama mərasimini Ağ Evin Mətbuat xidməti yayımlayıb.
Mərasim zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Ağ Evin üzərindən uçub. Bu, ABŞ-Səudiyyə Ərəbistanı ittifaqına qarşılanma səviyyəsini və nümayişkaranə dəstəyi vurğulayan jestdir.
İki tərəfin dörd əsas mövzunu müzakirə etməsi gözlənilir: yeni müdafiə müqaviləsi, F-35-lərin tədarükü, nüvə əməkdaşlığı və İsrail ilə münasibətlərin mümkün normallaşdırılması.