Bakı. Oktyabr 8. REPORT.AZ/ Tayland polisi avqustun ortalarında Bangkokun mərkəzində baş verən və 20 nəfərin həyatına son qoyan partlayışla bağlı istintaq işini başa çatdırıb.
"Report" TASS-a istinadən xəbər verir ki, istintaqa cəlb olunan iki əcnəbiyə qarşı gələn həftə rəsmi ittiham irəli sürüləcək.
"Biz hesab edirik ki, istintaq orqanları bu insanların günahkar olduqları barədə kifayət qədər dəlillər toplayıblar" - oktyabrın əvvəlində vəzifəyə gələn ölkə polisinin yeni rəhbəri Çaktip Çayçinda jurnalistlərə bildirib.
İstintaq zamanı polis iki xarici vətəndaşı həbs edib. İstintaq orqanları nümayəndələrinin sözlərinə görə, onlardan biri Türkiyə vətəndaşı Adem Qaradağ, digəri isə Çin vətəndaşı Yusuf Miraili olub.
Partlayışı törədən cinayətkar qrupun tərkibinə azı 17 nəfər daxil olub. Polisin məlumatına görə, onların əksəriyyəti ölkə xaricinə qaçmağa müvəffəq olub.