Müxtəlif Suriya silahlı qrupları ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi altında bir struktur altında birləşdiriləcək.
“Report” “Al Watan”a istinadən xəbər verir ki, bunu Dəməşqdəki yeni hakimiyyətin başçısı, Əbu Məhəmməd əl-Colani kimi daha çox tanınan Əhməd əş-Şəraa bildirib.
“Suriya silahlı qrupları Müdafiə Nazirliyinin rəhbərliyi altında yeni ordunun tərkibində bir struktur altında birləşdiriləcək”, – o deyib.
Qeyd olunub ki, əş-Şəraa silahlı qrupların başçıları ilə görüşüb və onlarla prezident Bəşər Əsədin devrilməsindən sonra Suriya ordusunun yeni formatını müzakirə edib.
Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlamışdı. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olmuşdu. Dəməşqin süqutundan əvvəl yaraqlılar Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçirmişdilər.