NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə parlamentinin Xarici Əlaqələr komitəsinin İsveçin Şimali Atlantika Alyansına qəbul edilməsinə dair qərarını alqışlayıb.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Mən Türkiyə və Macarıstanın ratifikasiyanı ən qısa zamanda başa çatdıracağına ümid edirəm”, - Stoltenberq əlavə edib.
Onun sözlərinə görə, İsveçin alyansa daxil olması NATO-nu daha da gücləndirəcək.
Bundan əvvəl ABŞ Dövlət Departamenti Türkiyə parlamentinin komitəsinin qərarını müsbət qarşılayıb.
Qeyd edək ki, Türkiyə parlamentinin Xarici Əlaqələr komitəsi İsveçin NATO-ya üzv olmaq istəyini dəstəkləyib. İsveçin alyansa qoşulması ilə bağlı protokol artıq Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilməlidir. Müraciətə bütün parlament tərəfindən baxılacağı tarix hələ açıqlanmayıb. Sonra sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmalıdır.
Oktyabrın sonunda Ərdoğan Türkiyə parlamentinə İsveçin NATO-ya daxil olmasının ratifikasiyasına dair sənədlər paketini təqdim edib. Lakin Macarıstan ratifikasiya prosedurunu hələ başa çatdırmayıb. Bütün digər NATO ölkələri prosesi qərarı dəstəkləyib.
İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib.