Sloveniyanın XİN başçısı Tanya Fayon Azərbaycan və Ermənistana səfərinin məqsədinin Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesi ilə tanış olmaq olduğunu bildirib.
"Report"un məlumatına görə, bu barədə Fayon Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"Mənim səfərimin məqsədi məlumat əldə etmək, sülh prosesi ilə tanış olmaq, sülh sazişi layihəsi haqqında daha çox öyrənməkdir", - deyə o bildirib.
Nazir vurğulayıb ki, Sloveniyanın Cənubi Qafqazla bağlı mövqeyi dəyişməz olaraq qalır və ölkə mart ayında sülh müqaviləsi üzrə əldə edilmiş irəliləyişi alqışlayır.
"Biz tərəfləri münasibətlərin tam normallaşması üçün addımlar atmağa yenidən çağırırıq. Cənubi Qafqaz həqiqətən sülhə layiqdir. Düşünürəm ki, dünyada aktiv silahlı münaqişələrin olduğunu nəzərə alsaq, bu, hazırkı geosiyasi vəziyyətdə nəticə əldə etmək üçün yaxşı tarixi fürsətdir. Biz sülhə nail olmağa yönəlmiş hər hansı səyləri, hər bir təşəbbüsü qətiyyətlə alqışlayırıq", - o əlavə edib.