Şeraz Mehmud: Pakistan öz suverenliyini qorumağa hazırdır

Digər ölkələr
  • 08 may, 2025
  • 13:54
Şeraz Mehmud: Pakistan öz suverenliyini qorumağa hazırdır

Mayın 7-də gecə saatlarında Pakistana endirilən zərbələr tammiqyaslı müharibəyə çevrilə bilər ki, bunun da nəticələri regionun hüdudlarından çox kənara çıxacaq.

Bu barədə “Report”a Qərbi Xəzər Universitetinin Regional Araşdırmalar İnstitutunun elmi işçisi Şeraz Mehmud bildirib.

"Hindistan gecə saatlarında Pakistana raket zərbəsi endirməklə regionda son dərəcə təhlükəli oyuna başlayıb. Regionun heç bir ölkəsi belə bir müharibəyə imkan verə bilməz, çünki onun nəticələri daha geniş coğrafiyanı əhatə edəcək.

Regional güclər vəziyyət nəzarətdən çıxmazdan əvvəl ciddi düşünməlidirlər. Pakistan regionda onilliklər boyu terror və daxili üsyanlara qarşı mübarizə aparan yeganə dövlətdir. O, öz suverenliyini və ərazi bütövlüyünü qorumağa tam qadirdir", - ekspert qeyd edib.

O vurğulayıb ki, Pakistan milli maraqlarına təhdid yaranacağı təqdirdə qətiyyətlə cavab verməyə hazırdır.
"Keçən dəfə Pakistan hücuma məruz qalanda Balakotda Hindistanın təyyarəsini vuraraq pilotu girov götürüb və sonra onu Hindistana təhvil verib. İslamabad bununla dünyaya başa saldı ki, Pakistan sülhə can atır. Lakin suverenliyin qorunmasından söhbət gedəndə, ölkə fəaliyyətsiz qalmayacaq. Bu dəfə Pakistan bir neçə saat ərzində Hindistanın hücuma hazırlaşan beş qırıcısını və bir pilotsuz təyyarəsini vurub.

Bundan əlavə, Hindistan “Nilum-Celum” su elektrik stansiyasına zərbə endirməyə cəhd edib. Bu SES kimi strateji əhəmiyyətli infrastruktura hər hansı hücum milli sərvətə qəsd kimi qiymətləndiriləcək. Pakistanın cavabı daha sərt olacaq", - Ş.Mehmud vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti