Rusiya Odessaya PUA-larla hücum edib, 18 nəfər yaralanıb
- 30 aprel, 2026
- 10:35
Rusiyanın pilotsuz uçuş aparatları (PUA) ilə Odessaya (Ukrayna) gecə saatlarında həyata keçirdiyi kütləvi hücum nəticəsində 18 nəfər xəsarət alıb.
"Report" Ukrayna xəbər saytlarına istinadən xəbər verir ki, bu barədə Odessa şəhər Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
"Təəssüf ki, səhər saatlarına olan məlumata görə, 18 nəfərin xəsarət aldığı məlumdur, onlardan doqquzu xəstəxanaya yerləşdirilib. Hamısına zəruri yardım göstərilir", - o, Telegram kanalında qeyd edib.
Kiperin sözlərinə görə, hədəflərin əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Lakin qalıqların düşməsi nəticəsində onlarla mülki infrastruktur obyekti, o cümlədən çoxmərtəbəli və fərdi yaşayış evləri, mehmanxana, uşaq bağçası, inzibati bina, avtodayanacaq, xüsusi qarajlar və nəqliyyat vasitələri zədələnib.