​Rumıniyanın Deputatlar Palatasının sədri vəzifəsindən kənarlaşdırılıb

​Rumıniyanın Deputatlar Palatasının sədri vəzifəsindən kənarlaşdırılıb Parlamentin plenar iclasında bununla bağlı qərar qəbul edilib
Digər ölkələr
13 İyun , 2016 22:45
​Rumıniyanın Deputatlar Palatasının sədri vəzifəsindən kənarlaşdırılıb

Buxarest. 13 iyun. REPORT.AZ/ Rumıniyanın Deputatlar Palatasının sədri Valeriu Zqonya vəzifəsindən kənarlaşdırılıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı qərar yerli parlamentin plenar iclasında qəbul edilib.

Deputatlar Palatasının katibi Marçel Çiolaku bildirib ki, bu gün Valeriu Zqonyanın Deputatlar Palatasının sədri və Daimi Büronun üzvü qismində statuslarına xitam verilməsilə bağlı Sosial-Demokrat Partiyasından (SDP) müraciət daxil olub. Günün ikinci yarısında, Parlamentin plenar iclasında keçirilən səsvermədə 167 lehinə, 32 əleyhinə, 1 deputat bitərəf qalmaqla o, tutduğu vəzifədən azad edilib. Belə ki, V. Zqonya əvvəllər onu bu vəzifəyə irəli sürən SDP-nin dəstəyini itirib. Həmçinin O, partiyanın sədri Liviu Draqneanın ünvanına söylədiyi sözlərə görə bu ilin aprel ayında partiyadan uzaqlaşdırılıb.

Deputatlar Palatasının sədri vəzifəsinə isə əsas namizədlərdən biri 2012-2015-ci illərdə Rumıniyanın baş naziri olmuş Viktor Ponta göstərilir. Sabiq baş nazir partiyanın sabah keçiriləcək iclasında namizədliyini irəli sürəcəyini bildirib.

“Mən bir çox həmkarlarımla müzakirə apardım və onlar mənə bildirdilər ki, bu həm partiya, həm də parlament üçün yaxşı olar. Səsvermənin necə olacağını gözləyək”, - deyə Viktor Ponta vurğulayıb.

Sosial-Demokrat Partiyasının sədri Liviu Draqnea isə bildirib ki, Deputatlar Palatasının sədri vəzifəsinə irəli sürüləcək namizədin adı sabah partiyanın Siyasi Şurasının iclasında müəyyən olunacaq.

“Namizədin adı partiyanın iclasında müzakirə olunacaq, İcraiyyə Komitəsi və ya Daimi Büroda elan olunacaq. Mən bu vəzifəyə öz namizədliyimi irəli sürməyəcəyəm”, - deyə L. Draqnea bildirib və əlavə edib ki, SDP partiyasının sədri olaraq işini davam etdirəcək. O həmkarları ilə birlikdə qarşıdan gələn parlament seçkilərində qalib gələcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, Deputatlar Palatasının yeni sədrinin adı parlamentin plenar iclasında keçiriləcək səsvermədən sonra müəyyən olunacaq. Hazırda isə sədr müavini Florin İordache palataya müvəqqəti sədrlik edir.

Son xəbərlər

Orphus sistemi