Quterreş: Rusiya-ABŞ müqaviləsinin müddətinin başa çatması beynəlxalq təhlükəsizliyi təhdid edir
- 05 fevral, 2026
- 05:24
Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (START) qüvvədən düşməsi qlobal təhlükəsizlik üçün görünməmiş risk yaradır.
"Report"un məlumatına görə, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında deyilir.
"Yarım əsrdən artıq müddətdə ilk dəfədir ki, biz dünyada nüvə silahı ehtiyatlarının böyük əksəriyyətinə sahib olan iki dövlətin - Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarının strateji nüvə arsenalları üzərində heç bir məcburi məhdudiyyətin olmadığı bir vəziyyətlə üzləşirik. Bu, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi bir məqamdır", - deyə baş katib bildirib.
Quterreş vurğulayıb ki, "soyuq müharibə" dövründə və ondan sonra silahlara nəzarət fəlakətlərin qarşısını almağa kömək edib. Onun sözlərinə görə, 1970-ci illərdəki strateji silahların məhdudlaşdırılması danışıqlarından 2010-cu ildə imzalanmış START-yə qədər olan yol minlərlə silah vahidinin azaldılmasına imkan verib və dünya xalqlarının təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb.
BMT Baş katibi Rusiya və ABŞ-ni silahlara nəzarət üzrə yeni sistemin yaradılması üçün dərhal dialoqu bərpa etməyə çağırıb.
Xatırladaq ki, Rusiya və ABŞ arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında müqavilənin müddəti bu gün - 5 fevral cümə axşamı başa çatıb. Bu, iki ölkənin nüvə arsenallarını məhdudlaşdıran sonuncu saziş idi.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bəyan etmişdi ki, Moskva START üzrə məhdudiyyətlərin uzadılması təklifinə Vaşinqtondan hələ də cavab almayıb.