Qabon hərbçiləri keçid dövrünün xartiyasını qəbul edib

Digər ölkələr
  • 08 sentyabr, 2023
  • 16:41
Qabon hərbçiləri keçid dövrünün xartiyasını qəbul edib

Qabonda hakimiyyətə gələn hərbçilər rəsmi qəzetdə ölkənin keçid dövrünün xartiyasını dərc ediblər.

“Report” xəbər verir ki, bu barədə “Gabon Media Time” məlumat yayıb.

“Biz, Qabon Respublikasının müdafiə və təhlükəsizlik qüvvələrinin üzvləri, Keçid Dövrü və Dövlət Qurumlarının Bərpası Komitəsində birləşərək, Qabon xalqının canlı qüvvələri ilə birlikdə keçid dövrü üçün xartiyanı təsdiqləyir və qəbul edirik”, - nəşrdə dərc edilən sənəddə deyilir.

Xartiyada keçid dövrünün vəzifələri sadalanır. Belə ki, Qabon hökuməti güclü institutlar yaratmaqla dövləti yenidən qurmaq, o cümlədən ölkənin ərazi bütövlüyünü, insanların və onların əmlakının təhlükəsizliyini qorumaq niyyətindədir. Bundan əlavə, qarşıya qoyulmuş vəzifələr qismində siyasi, iqtisadi və digər sahələrdə islahatların aparılması, məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi, insan hüquqlarının təşviqi və müdafiəsi kimi vəzifələr göstərilir. Xartiyada yaxşı idarəçilik mədəniyyətinin və məsuliyyətli vətəndaşlığın yaradılması, yeni konstitusiya layihəsinin hazırlanması və onun referendumla qəbul edilməsi, azad, demokratik və şəffaf seçkilərin təşkili məsələləri də yer alıb.

Keçid dövrünün orqanları kimi bunlar göstərilib: keçid dövrünün prezidenti, keçid dövrünün milli şurası, keçid hökuməti, keçid parlamenti və keçid dövrü konstitusiya məhkəməsi.

General Bris Oliqi Nqema bazar ertəsi Qabonda hərbçilər hakimiyyəti ələ keçirdikdən sonra bu ölkənin keçid dövrünün prezidenti kimi and içib.