Özbəkistanda bu gün keçirilən prezident seçkilərində seçici fəallığı müşahidə edilir.
“Report”un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, ölkənin əksər seçki məntəqələrində seçki hüququna malik vətəndaşlar məntəqələrə gələrək səs verirlər.
Özbəkistanın Mərkəzi Seçki Komissiyası (MSK) hələ kampaniya dövründə seçici siyahılarının tərtib olunmasını başa çatdırıb. Bu səbəbdən də seçicilərin məntəqələrində səs vermələri üçün hər hansı çətinlik müşahidə olunmur. Seçki hüququ olan vətəndaşların səs vermələri üçün texniki şərait yaradılıb. Bununla yanaşı, səsvermələr pandemiya şərtlərinə uyğunlaşdırılıb. Belə ki, məntəqələr dezinfeksiya edilib, seçicilərin hərarəti ölçülür, izdihamın yaranmaması üçün onların növbəlilik əsasında səs vermələri təmin olunur.
Səsvermə prosesi 10 761 seçki məntəqəsində həyata keçirilir. Vahid seçici siyahısında 19,8 milyon seçici qeydə alınıb. Onlardan təxminən 900 min nəfəri ilk dəfə səs verəcək.
Məntəqələrdə müşahidə kameraları quraşdırılıb, siyasi partiyaların prezidentliyə namizədlərinin nümayəndələrinin səsvermə prosesini yaxından izləmələri üçün hər cür şərait yaradılıb. Prezident seçkilərində səsvermələri izləmək üçün ölkəyə gələn MDB ölkələrinin müşahidəçiləri seçki prosesində heç bir pozuntu aşkarlamayıblar. Eyni zamanda digər müşahidəçilər də seçki prosesinin şəffaf, ədalətli keçirildiyini qeyd ediblər.
Seçki prosesini MDB, MDB Parlament Assambleyası, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, YUNESKO və digər ölkələrdən 1 000-ə yaxın beynəlxalq müşahidəçi, həmçinin 41 ölkədən 268 nümayəndə izləyir. Seçkiləri işıqlandırmaq üçün 116 xarici və 1,5 minə yaxın yerli jurnalist akkreditə olunub. Seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanacaq.
Qeyd edək ki, seçkilərdə Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir: Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov, Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova, Sahibkarlar və İş adamları Hərəkatından - Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, Özbəkistanın “Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov, Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.
Seçkilərin ilk nəticələri sabah MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.