Rusiya Avropa İttifaqının (Aİ) növbəti sanksiya paketinə cavab olaraq Avropa institutları və təşkilata üzv ölkələrin Rusiyaya girişləri qadağan olunacaq nümayəndələrinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
"Bu qeyri-dostluq hərəkətlərinə cavab olaraq, Rusiya tərəfi 15 avqust 1996-cı il tarixli "Rusiya Federasiyasından çıxış və Rusiya Federasiyasına giriş qaydası haqqında" Federal Qanuna uyğun olaraq ölkəmizin ərazisinə girişi qadağan edilmiş Aİ institutları və Avropa İttifaqı üzv ölkələrinin nümayəndələrinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirib", - nazirlikdən bildirilib.
Qurumun məlumatına görə, söhbət Aİ ölkələrinin dövlət və kommersiya təşkilatlarının nümayəndələri, Ukraynaya hərbi yardım göstərilməsinə məsul olan Avropa İttifaqı üzv ölkələrinin vətəndaşlarından gedir.
"Avropa İttifaqı tərəfindən istənilən qeyri-dostluq aktları bundan sonra da vaxtında və adekvat cavab alacaq", - Rusiya XİN-dən vurğulanıb.