NSA: Hörmüz boğazında vəziyyət qeyri-müəyyəndir- YENİLƏNİB

Digər ölkələr
  • 08 aprel, 2026
  • 16:13
NSA: Hörmüz boğazında vəziyyət qeyri-müəyyəndir- YENİLƏNİB

Norveç Gəmi Sahibləri Assosiasiyası (NSA) Hörmüz boğazından gəmilərin keçidinin bərpası məsələsində kifayət qədər aydınlığın olmadığını bildirib.

"Report" "Al-Jazeera" telekanalına istinadən xəbər verir ki, bu barədə assosiasiyanın baş direktoru Knut Arild Hareyde bildirib.

Bütün dünyada 130 şirkəti və 1500-ə yaxın gəmini təmsil edən assosiasiyadan vurğulanıb ki, Fars körfəzində təhlükəsizliklə bağlı vəziyyət qeyri-müəyyən olaraq qalır və gəmi sahiblərinin əlavə məlumata ehtiyacı var.

"Biz atəşkəs əlamətlərini görürük, lakin Hörmüz boğazında vəziyyət gərgin və gözlənilməz olaraq qalır. Təhlükəsiz tranzitin hansı şərtlər altında həyata keçiriləcəyi hələlik aydın deyil. Gəmi sahibləri riskləri qiymətləndirirlər və gəmiçiliyin real təhlükəsizliyi təmin edilənə qədər keçidi bərpa etməyəcəklər", - Hareyde bildirib.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Tehran öz növbəsində bildirib ki, bu müddət ərzində İran silahlı qüvvələri ilə koordinasiyalı şəkildə və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

Danimarkanın "Maersk" gəmiçilik şirkəti ABŞ və İran arasında iki həftəlik atəşkəsin Hörmüz boğazında gəmilər üçün müəyyən imkanlar yarada biləcəyini hesab edir.

"Report"un məlumatına görə, bu barədə "Al Jazeera" şirkətə istinadən xəbər verib.

Şirkətdə vurğulayıblar ki, hazırda bu, normal fəaliyyətin bərpası və regionda tamamilə təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün kifayət deyil.

"Biz ehtiyatlı yanaşmanı qoruyur və mövcud xidmətlərə dəyişiklik etmirik", - "Maersk"də qeyd ediblər.

Bildirilib ki, Hörmüz boğazından keçidlə bağlı istənilən qərarlar risklərin daimi qiymətləndirilməsi, təhlükəsizlik sahəsində vəziyyətin monitorinqi, müvafiq orqanların və tərəfdaşların tövsiyələri əsasında qəbul ediləcək.

Daha əvvəl "Maersk" regionda yüksək dəyişkənlik və xərclərin artması fonunda Fars körfəzinin bir sıra limanlarına yük sifarişlərini dayandırmış və bunkер yanacağı üçün əlavə ödənişlər tətbiq etmişdi.