ABŞ-nin Nevada poliqonunda apardığı subkritik nüvə sınağı dünyada nüvə silahları yarışının kəskinləşməsinə səbəb olur və Pxenyan bununla bağlı lazımi tədbirlər görməyə məcburdur.
“Report” xəbər verir ki, bu barədə KXDR XİN nümayəndəsinin Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, aparılan sınaq nüvə dövlətləri arasında hərbi qarşıdurmada yeni gərginlik yaradır və qlobal nüvə silahları yarışını sürətləndirir. "Heç bir halda bu nüvə sınağının Koreya yarımadası regionunda hərbi təhlükəsizlik vəziyyətinə təsirinə yol verilməməlidir”, - açıqlamada bildirilir.
“ABŞ-nin birtərəfli hərəkəti səbəbindən regionda və dünya miqyasında yaranan strateji qeyri - sabitliyə hazırlıq üçün suveren hüququmuz və mümkün seçimlərimiz çərçivəsində nüvə silahı təhlükəsinə hərtərəfli hazırlığın artırılması üçün lazımi tədbirlər görməyə məcburuq", - nazirliyin nümayəndəsi deyib.
Hansı tədbirlərin görüləcəyi dəqiq açıqlanmır, lakin qeyd olunur ki, KXDR bu hərəkətlərlə dövlətin təhlükəsizliyini, hüquq və mənafelərini ardıcıl qoruyacaq, həmçinin Koreya yarımadası regionunda strateji balanssızlığın və təhlükəsizlik vakuumunun təminatına imkan verməyəcək.