XII Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günündə 50-dən çox tədbir keçirilib

Mədəniyyət
  • 23 oktyabr, 2026
  • 16:50
XII Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günündə 50-dən çox tədbir keçirilib

XII Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günündə 50-dən çox tədbir keçirilib.

"Report"un məlumatına görə, sərginin üçüncü günündə müxtəlif nəşriyyatların stendlərində, görüş və təqdimat zonalarında müəlliflərlə görüş və imza saatları təşkil olunub.

"Məhəmməd Füzuli" təqdimat zonasında "Erkən uşaqlıq təhsili: sosial sərmayədən sosial təsirə" mövzusunda aparılan müzakirədə uşaqların erkən yaşda mütaliəyə həvəsləndirilməsinin onların gələcək şəxsi və sosial inkişafındakı rolu vurğulanıb.

Bununla yanaşı, şair, esseist Qismət Rüstəmovun "Sarı kəpənəklərin işığı" kitabının təqdimat mərasimi keçirilib.

"Nizami Gəncəvi" təqdimat zonasında isə "Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı" layihəsi üzrə sərgi nümayiş olunub.

Azərbaycan Milli Kitabxanasının təqdimatında keçirilən tədbirdə xaricdən ölkəmizə gətirilmiş klassiklərimizin nadir əlyazmaları ziyarətçilərə təqdim edilib.

Nümayiş olunan qiymətli nüsxələr zəngin ədəbi irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük maraqla qarşılanıb.

Həmçinin bu zonada ABŞ-nin Azərbaycandakı Səfirliyi tərəfindən "ABŞ-də Təhsil Mübadilə proqramları haqqında" maarifləndirici təqdimat keçirilib.

Sessiyada gənclərə beynəlxalq təhsil imkanları, müraciət qaydaları və təqaüd proqramları barədə ətraflı məlumat verilib.

Sərginin üçüncü günündə Türkiyədən gəlmiş naşir və müəlliflərlə də görüş keçirilib.

Məlumat üçün qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 27-dək davam edəcək.

Sərginin builki yerli fəxri yazarları Xalq şairi Sabir Rüstəmxanlı və uşaq yazıçısı Reyhan Yusifqızı, xarici yazarlardan isə iranəsilli yazıçı Pərinuş Sənii ilə Böyük Britaniya yazıçısı Darren Simpsondur.