Monteneqro Aİ-yə üzvlük yolunda 33 danışıqlar fəslindən 25-ni bağlayıb
- 19 noyabr, 2026
- 20:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Monteneqro Avropa İttifaqına (Aİ) üzvlük prosesi çərçivəsində daha iki danışıqlar fəslini ilkin olaraq bağlayıb.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə İrlandiyanın Avropa məsələləri üzrə naziri Tomas Birn 31-ci Aİ - Monteneqro Hökumətlərarası Konfransının yekunları üzrə bildirib.
Onun sözlərinə görə, Aİ Şurası 16-cı "Vergitutma" və 22-ci "Regional siyasət və struktur alətlərinin əlaqələndirilməsi" fəsillərinin ilkin olaraq bağlanmasını razılaşdırıb.
Beləliklə, Monteneqro artıq 33 danışıqlar fəslindən 25-ni, yəni dörddə üçündən çoxunu bağlayıb.
Birn qeyd edib ki, ölkə 2026-cı ilin sonunadək bütün danışıqlar fəsillərini bağlamaq məqsədinə yaxınlaşır. O vurğulayıb ki, İrlandiyanın Aİ Şurasına sədrliyi dövründə Monteneqro doqquz fəsli bağlayıb - bu, blokun hər hansı bir ölkəsinin sədrliyi müddətində ən yüksək göstəricidir.
Monteneqronun Avropa məsələləri üzrə naziri Mayda Qorçeviç qeyd edib ki, hökumət 2026-cı ilin sonunadək üzvlük danışıqlarını başa çatdırmağı planlaşdırır.
Onun sözlərinə görə, regional siyasət sahəsində Monteneqro artıq layihələr hazırlayır ki, Aİ-yə daxil olduqdan sonra ölkə regionlarının inkişafı üçün Avropa həmrəylik fondlarından səmərəli istifadə etsin.
"Biz bu il danışıqları başa çatdırmağa hazırıq və 2028-ci ildə Monteneqronun Avropa İttifaqının 28-ci üzvü kimi onun masası arxasında öz yerini tutacağı günü səbirsizliklə gözləyirik", - Qorçeviç bildirib.
Qorçeviç əlavə edib ki, ölkə vətəndaşlarının 70%-dən çoxu Aİ-yə üzvlüyü dəstəkləyir. Onun sözlərinə görə, "28-ə 28" şüarı - Monteneqronun 2028-ci ilə qədər 28-ci üzv kimi Aİ-yə daxil olması - milli gözləntilərin populyar ifadəsinə çevrilib.
Nazir həmçinin qeyd edib ki, genişlənmə siyasətinə etimadı qorumaq üçün, namizəd ölkələr razılaşdırılmış meyarları yerinə yetirdikcə Aİ-nin qərarları vaxtında qəbul etməsi vacibdir.