ING Azərbaycanın suveren kredit reytinqinin yüksəldilməsi şərtlərini açıqlayıb

Maliyyə
  • 19 noyabr, 2026
  • 19:38
ING Azərbaycanın suveren kredit reytinqinin yüksəldilməsi şərtlərini açıqlayıb

Azərbaycanın suveren reytinqinin daha da yüksəldilməsi institusional idarəetmə, iqtisadiyyatın şaxələndirilməsi və regional münasibətlərin nizamlanması sahəsindəki irəliləyişdən asılıdır.

Bunu "Report"un sualına cavab olaraq ING-nin inkişaf etməkdə olan bazarların suveren borcu üzrə strateqi Ceyms Uilson onlayn vebinar zamanı bildirib.

"Suveren balansın hazırkı möhkəmliyi, əgər yalnız struktur və ya qeyri-neft göstəriciləri əsasında qiymətləndirilərsə, sonrakı artım üçün daha çox məhdudlaşdırıcı amildir. Biz görürük ki, investorlar və reytinq agentlikləri bunu artıq dərk ediblər", - Uilson deyib.

Onun sözlərinə görə, bununla əlaqədar diqqət institusional yaxşılaşmalara, o cümlədən idarəetmənin keyfiyyəti, korrupsiyaya qarşı mübarizə və idarəetmə strukturlarının təkmilləşdirilməsi məsələlərinə yönəlir.

ING strateqi qeyd edib ki, makroiqtisadi müstəvidə bazar ilə agentliklər iqtisadiyyatın şaxələndirilməsi və neft sektorundan asılılığın azalması əlamətlərini qiymətləndirəcəklər.

"Cari neft qiymətləri dəstək versə də, Azərbaycan kotirovkaların mümkün əhəmiyyətli enişinə qarşı yüksək həssaslığını qoruyub saxlayır. Son bir neçə il ərzində Ermənistanla münasibətlərdə yaxşılaşma, daha strukturlaşmış sülh müqaviləsinə doğru irəliləyiş, eləcə də Azərbaycan, Ermənistan və Türkiyə arasında ticarət-maliyyə əlaqələrinin genişlənməsi perspektivləri nəzərə çarpır", - ekspert əlavə edib.

O, bu istiqamətdə gələcək irəliləyişi əlavə dəstəkləyici amil adlandırıb.