Koreya Xalq Ordusunun (KXO) Baş Qərargahı sərhəd xətti yaxınlığındakı artilleriya birləşmələrini atəşə tam hazır vəziyyətə gətirməyi əmr edib.
“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, “KXDR Müdafiə Nazirliyinin nümayəndəsi KXO Baş Qərargahının 12 oktyabr tarixli ilkin əməliyyat əmrini elan edib”. Əmrə əsasən, sərhəd xətti yaxınlığındakı artilleriya birləşmələri və mühüm atəş tapşırığının yerinə yetirilməsinə cavabdeh olan hissələr atəşə tam hazır vəziyyətdə olmalıdırlar.
Müdafiə Nazirliyinin əməkdaşı həmçinin əlavə edib ki, bu əmr hərbi vəziyyət ştatı üzrə komplektləşdirilmiş səkkiz artilleriya briqadasına aiddir. KXDR hərbçiləri 13 oktyabr yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə 15:00) qədər tam hazırlıq vəziyyətinə keçməli idilər ki, bundan sonra onlara yalnız atəş açmaq əmrini gözləmək qalacaqdı.
KXO Baş Qərargahı bütün səviyyələrdə hissə və bölmələrə müşahidə və qarovul xidmətini gücləndirməyi əmr edib. Bununla əlaqədar olaraq Pxenyanda HHM müşahidə məntəqələri gücləndirilir.