Türkiyə ilə Fransa arasında təhsil sahəsində yaranan böhranın siyasi motivli olduğu iddia edilib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Ankara və Parisdəki diplomatik mənbələr bildirib.
Qeyd olunub ki, Türkiyə ilə Fransanın bir çox bölgədə, xüsusilə, Afrikanın bəzi ölkələrində və Cənubi Qafqazda əks mövqelərdə qərarlaşması qarşılıqlı ittihamları intensivləşdirib.
Bildirilib ki, siyasi müstəvidə yaranan gərginliklər ikitərəfli səmərəli və məhsuldar dialoqa mane olur.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin təhsil naziri Yusuf Tekin ölkədəki fransız məktəblərinin fəaliyyətinin qanundankənar elan ediləcəyini bildirmişdi. Bunun səbəbi kimi isə həmin məktəblərin Türkiyə qanunvericiliyinə uyğunlaşdırılmadığı göstərilmişdi.
Fransa Xarici İşlər Nazirliyi (XİN) isə buna cavab olaraq ölkənin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən “Charles de Gaulle” və “Pierre Loti” liseylərinə Türkiyə vətəndaşlarının qəbulunun dayandırıldığı barədə məlumat yaymışdı.