İstanbul Prokurorluğu 2024-cü il martın 22-də Moskvadakı "Crocus City Hall" konsert zalında törədilən terror aktının icraçıları ilə əlaqəyə görə Türkiyədə həbs edilən İŞİD terror qruplaşmasının beş üzvünə qarşı ittiham irəli sürüb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ittiham aktına əsasən, şübhəli şəxslər Hofizjon Usmonov, Muteullo Asoyev, Rahmatullo Salikov, Muhammadrahim Fayzov və Həmzə Məhəmməd Moskvadakı terror aktının bilavasitə icraçıları Şamsidin Fariduni və Saidəkrəmi Racabalizoda ilə əlaqə saxlayıblar.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslərdən biri, Tacikistan vətəndaşı Fayzov ailəsi və terrorçu Racabalizoda ilə birlikdə 2024-cü il yanvarın 5-də Türkiyəyə gəlib. Fayzov və iş üzrə digər təqsirləndirilən şəxs Usmonov bir müddət İŞİD-in Esenyurtdakı "təhlükəsiz ev"ində Fariduni ilə birlikdə yaşayıblar.
Martın 28-də Fayzov İstanbuldan Ağrıya avtobus biletləri alıb, daha sonra İran vasitəsilə Əfqanıstana getməyi planlaşdırıb. Lakin avtobusu tərk etməyə çalışarkən ailəsi ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Digər üç şübhəli şəxs - Usmonov, Salikov və Asoyev martın 24-də Esenler avtovağzalında həbs edilib. Onlar da İrana getmək niyyətində olublar.
Şübhəli şəxslərin telefonlarına baxış zamanı ekstremist məzmunlu şəkillər, eləcə də İŞİD-dən böyük məbləğdə pul mükafatı müqabilində “Veqas” ticarət mərkəzində yeni terror aktının hazırlanması ilə bağlı yazışmalar aşkar edilib.
Prokurorluq təqsirləndirilən 5 nəfərin hər birinin "silahlı terror təşkilatına üzvlük" maddəsi ilə 7,5 ildən 15 ilədək azadlıqdan məhrum edilməsini tələb edir.