İsrail "Sumud" donanmasının 15 gəmisini ələ keçirib - YENİLƏNİB

Digər ölkələr
  • 30 aprel, 2026
  • 09:48
İsrail Sumud donanmasının 15 gəmisini ələ keçirib - YENİLƏNİB

İsrailin Hərbi-Dəniz Qüvvələri gecə ərzində fələstinyönümlü "Sumud" donanmasının 58 gəmisindən 15-ni ələ keçirib.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti armadanın təşkilatçılarına istinadən xəbər verir.

"15 gəmimiz ələ keçirilib, göyərtədəki insanların yeri isə məlum deyil", - məlumatda deyilir.

Bundan əlavə, iştirakçılar iddia edirlər ki, bir neçə gəmi ilə əlaqə kəsilib, bunun nəticəsində ekipajlar fəaliyyətlərini koordinasiya etmək və təhlükə siqnalları göndərmək imkanını itiriblər.

Qeyd olunur ki, gəmilərin ələ keçirilməsi əməliyyatı Yunanıstanın Krit adasından çox da uzaq olmayan ərazidə həyata keçirilib.

İsrail HDQ missiyanın qalan iştirakçılarını geri dönməyə çağırıb. Alternativ olaraq onlara humanitar yardımı Aşdod limanına çatdırmaq təklif edilib, burada yük Qəzzaya göndərilməzdən əvvəl yoxlamadan keçəcək. HDQ xəbərdarlıq edib ki, marşrutun davam etdirilməsi halında qalan gəmilər də dayandırılacaq.

Əvvəllər məlumat verilmişdi ki, İsrailin müdafiə naziri İsrael Kats bu həftə sonu Qəzza sahilinin blokdasını yarmağa cəhd edəcəyi gözlənilən propalestinçi flotiliya üçün vəsait toplayan təşkilatçılara qarşı sanksiyalar tətbiq etdiyini bəyan edib.

İsrailin Hərbi Dəniz Qüvvələri (HDQ) bəyan edilmiş "blokadanı yarmaq" məqsədilə Qəzza zolağı sahillərinə doğru istiqamət alan "Qlobal Sumud Donanması"nı ələ keçirməyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən "The Times of Israel" qəzeti məlumat yayıb.

"İzləmə məlumatlarına əsasən, tərkibinə humanitar yardım daşıyan 58 gəminin daxil olduğu "Sumud" donanması Yunanıstanın Krit adasının yaxınlığında yerləşir", - deyə nəşr bildirib.

"Əvvəlki cəhdlərdə HDQ armadasının gəmilərini Qəzza sahillərinə daha yaxın məsafədə ələ keçirirdi", - materialda vurğulanıb. Daha əvvəl "The Times of Israel" İsrail qüvvələrinin donanmasını Qəzza sahilinə yaxınlaşmazdan əvvəl ələ keçirmək niyyətində olduğu barədə məlumat vermişdi.

İsrail hökuməti bu cür donanmaları media aksiyaları adlandıraraq qeyd edir ki, təşkilatçılar humanitar yardımı sektora rəsmi beynəlxalq və ya İsrail çatdırılma kanalları vasitəsilə verməkdən imtina ediblər.