Amerika Birləşmiş Ştatları İspaniyaya ümumi məbləği təxminən 2,8 milyard dollar olan “Patriot Configuration-3+” zenit-raket kompleksləri tədarük etmək niyyətindədir.
“Report”un məlumatına görə, bu barədə Pentaqona daxil olan müvafiq hökumət departamenti xəbər yayıb.
Departament hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükü, ABŞ Silahlı Qüvvələri ilə digər ölkələr arasında əlaqələrin inkişafına, müdafiə sahəsində Vaşinqtonun xarici tərəfdaşlarına maliyyə və texniki yardımın göstərilməsinə cavabdehdir.
Qeyd edilib ki, ABŞ Dövlət Departamenti milli qanunvericiliyə uyğun olaraq İspaniya ilə mövcud müqavilələrin icrası üçün icazə verib.
Amerika administrasiyası qərarları barədə artıq ABŞ Konqresini xəbərdar edib. Yeni silah müqaviləsinin həyata keçirilməsinə yekun razılıq verməli olan ABŞ qanunverici orqanının indi onu öyrənmək üçün 30 gün vaxtı var. Vaşinqtonun ən yaxın xarici müttəfiqləri və tərəfdaşları ilə bu cür demək olar ki, bütün müqavilələr Konqresin təsdiqini alır.