İordaniyada yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq olunan komendant saatı may ayının 15-nə qədər uzadılıb.
“Report”un məlumatına görə, bunu paytaxt Ammanda təşkil olunan mətbuat konfransında Media işləri üzrə dövlət naziri Saher Dudin açıqlayıb.
Bildirilib ki, yerli vaxtla axşam saat 18:00-dan səhər 06:00-a qədər küçəyə çıxmaq qadağandır. Bundan başqa həftə sonları lokdaun qüvvədə qalır.
Onun sözlərinə görə, koronavirusa yoluxmuş insanların yerləşdirildiyi klinikalarda vəziyyət son dərəcə çətindir: “Xəstəxanaya yerləşdirilən pasiyentlərin sayı artmaqdadır və reanimasiya şöbələrindəki yerlər azalır. Statistika hələ təhlükəli həddə olduğumuzu göstərir”.
Nazir əlavə edib ki, son 24 saat ərzində koronavirus (COVID-19) infeksiyasına 7 183 yeni yoluxma faktı qeydə alınıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 82 nəfər vəfat edib.