Bakı. 2 iyul. REPORT.AZ/ İyunun 30-da İndoneziyanın Medan şəhərində qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsinin hava pərində təyyarənin mühərrikində problemlərin yaranmasına gətirib çıxardığı güman edilən nasazlıq aşkarlanıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava qüvvələri Komandanı Aqus Supriyatna bildirib.
HHQ Komandanı o faktı da qeyd edib ki, təyyarə səmaya qalxdıqdan bir qədər sonra sağa dönməyə başlayıb və sürəti isə lazım olduğundan aşağı olub, bunlar da təyyarənin mühərrikində nasazlığın olmasından xəbər verir.
Bir qədər əvvəl bildirilirdi ki, İndoneziya hərbçiləri qəza ilə bağlı istintaqın son nəticələrini təxminən iki həftədən sonra dərc edəcəklər.
Hercules C-130B hərbi-nəqliyyat təyyarəsi İndoneziyanın Şimali Sumatra vilayəti paytaxtının cənub-qərb hissəsində yaşayış massivinin üzərinə düşüb.
Qəzadan bir qədər əvvəl pilot dispeçerlərə mühərrikdə nasazlığın olması haqqında məlumat verdiyi bildirilir. Hercules C-130B hərbi-nəqliyyat təyyarəsi bazaya qayıtmaq üçün manevr həyata keçirdiyi zaman qəzaya uğrayıb.
Müxtəlif mənbələrə görə, təyyarə qəzasında 140-dan çox adam həyatını itirib.