Hindistanın cənubundakı Tamilnad ştatının Kançipuram rayonunda polis “Samsung India Electronics Ltd” şirkətinin zavodu iflic edən tətilə qoşulmuş 250-yə yaxın işçisini saxlayıb.
"Report"un məlumatına görə, bu barədə NDTV telekanalı yerli polisə istinadən xəbər yayıb.
Məlumata görə, etirazçılar guya şəxsi torpaq sahələrini zəbt ediblər və icazəsiz aksiya keçirirlər. Bununla belə, işçilər əraziyə toplaşaraq etiraz aksiyası keçirmək üçün torpaq sahibindən icazə aldıqlarını iddia edirlər.
Bildirilir ki, işçilər bir sıra tələblər, o cümlədən təşkil etdikləri həmkarlar ittifaqının tanınması, əmək haqlarının artırılması və digər güzəştlər tələbi ilə çıxış edirlər.
Tamilnad ştatının maliyyə naziri Tanqam Tennarasu tətili dayandırmaq üçün Hindistan Həmkarlar İttifaqları Mərkəzinə (CITU) məktub yazıb.
Xatırladaq ki, “Samsung”un Hindistandakı törəmə müəssisəsində sentyabrın 9-da başlayan etirazlar Hindistanda son illərin ən böyük əmək aksiyası və əmək mübahisəsinə çevrilib. Bu, Cənubi Koreya məişət texnikası istehsalçısının Hindistanda 2023-cü ildəki 12 milyard dollarlıq satışlarının təxminən beşdə birini təşkil edən “Samsung” zavodunun 1 750 işçisindən 1 100-ünü əhatə edir.