Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
- 11 fevral, 2024
- 13:05
Filippinin cənubundakı Davao-de-Oro əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 54-ə çatıb, daha 63 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
“Report” xəbər verir ki, bu barədə ABS-CBN News məlumat yayıb.
Təxminən 9 hektar ərazidə aparılan axtarış-xilasetmə əməliyyatlarına hərbçilər də daxil olmaqla 500-ə yaxın adam cəlb olunub.
Xilasedicilər cümə günü dağıntılar altında təxminən 60 saat qalmış üç yaşlı qızı aşkar etdikdən sonra sağ qalanları tapmaq üçün ümidlərini davam etdirirlər.
11:47
Filippinin cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.
“Report”un məlumatına görə, bu barədə “Reuters” yerli məmur Edvard Makapiliyə istinadən xəbər verir.
Onun sözlərinə görə, 32 nəfər xəsarət alıb, daha 77 nəfər itkin düşüb.
Hələ də sağ qalanların olub-olmaması ilə bağlı sualı cavablandıran E. Makapili bunun çətin olduğunu, lakin axtarışların davam etdiriləcəyini bildirib.
Rəsmi əlavə edib ki, 300-dən çox insanın iştirak etdiyi xilasetmə işləri güclü yağışlar və yeni sürüşmə təhlükəsi səbəbindən dayandırılıb, lakin fevralın 11-də bərpa edilib.