Estoniya hakimiyyəti Ukraynanın qərbinə hərbi personal göndərmək imkanını nəzərdən keçirir, onların qeyri-döyüş tapşırıqlarını yerinə yetirəcəkləri güman edilir.
“Report” xəbər verir ki, bu barədə Varşava Təhlükəsizlik Forumu konfransında Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.
Onun sözlərinə görə, Ukraynaya hərbçilərin göndərilməsi ilə bağlı qərarlar NATO dövlətlərinin konsensusu əsasında qəbul edilməlidir:
“Hələ konkret qərar verməmişik. İlk növbədə, biz təlimatçılarımızın təhlükəsizliyini təmin etməliyik. Hərbi texnika ilə briqada böyüklüyündə bir bölmə göndərmək rusiyalılar üçün çox böyük hədəf olardı. Bütün detalları nəzərə almaq lazımdır: kontingenti qorumaq üçün tədbirlər, eləcə də maddi-texniki təminat. Buna görə də biz hazırda Polşa və Böyük Britaniyada təlimlərimizi davam etdiririk”.