Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib

Digər ölkələr
  • 07 noyabr, 2026
  • 10:14
Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib

ABŞ və İran razılaşma əldə etmək üzərində işləməyə davam edir, danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərlər isə həqiqəti əks etdirmir.

"Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O, bu cür xəbərləri Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Taninin bəyanatlarının qəsdən təhrif edilməsi adlandırıb: "Biz ictimaiyyəti çaşdırmaq və bu həssas məqamda diplomatik səyləri təhlükə altına almaq cəhdlərini qətiyyətlə rədd edirik".

Məcid əl-Ənsarinin sözlərinə görə, baş nazir tərəflərin razılaşmanın əldə edilməsi üzərində işi davam etdirdiyini, Qətərdən olan vasitəçilərin isə Vaşinqton və Tehranla sıx əlaqə saxlayaraq danışıqlar prosesinə kömək etdiyini açıq şəkildə bildirib.

Əl-Ənsari həmçinin qeyd edib ki, həqiqəti əks etdirməyən məlumatların yayılması münaqişənin uzadılmasında və regionda vəziyyətin sabitliyinin pozulmasında maraqlı olanların mənafeyinə xidmət edir.

Daha əvvəl sosial şəbəkələrdə Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Taninin guya ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyini elan etməsi barədə xəbərlər yayılmışdı.

44 filmi