Əl-Cəzirə: HƏMAS İsrailli girovları azad etməyə razılaşıb
- 03 oktyabr, 2025
- 23:52
Fələstinin HƏMAS radikal hərəkatı bütün israilli girovları azad etməyə və ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı sülh planının detallarını müzakirə etməyə hazır olduğunu rəsmən bəyan edib.
"Report" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" hərəkatın bəyanatına istinadən məlumat yayıb.
HƏMAS-ın Telegram-da yayımladığı bəyanatda deyilir: "Hərəkat bu razılaşmanın təfərrüatlarını müzakirə etmək üçün vasitəçilər vasitəsilə dərhal danışıqlara başlamağa hazır olduğunu təsdiqləyir".
Qrup həmçinin Qəzzanın idarəçiliyini Fələstin milli konsensusu və ərəb və islam dəstəyi əsasında Fələstin texnokratlarından ibarət müstəqil quruma təhvil verməklə razılaşdığını açıqlayıb.
"Prezident Trampın Qəzza zolağının gələcəyi və Fələstin xalqının qanuni hüquqları ilə bağlı təklifində qeyd olunan digər məsələlər vahid milli mövqe və müvafiq beynəlxalq qanun və qətnamələrlə bağlıdır. Onlar HƏMAS-ın iştirak edəcəyi və məsuliyyətli töhfə verəcəyi hərtərəfli Fələstin milli strukturu çərçivəsində həll olunacaq", - HƏMAS bildirib.