“ABŞ Qabondakı hərbi çevrilişdən narahatdır”.
“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O, Vaşinqtonun hakimiyyətin konstitusiyaya zidd olaraq dəyişdirilməsinə zidd olduğunu bildirib.
Vaşinqton hərbçiləri hökumət üzvlərini, onların ailələrini azad etməyə və vətəndaş hüquqlarını qorumağa çağırıb:
“Bundan əlavə, biz hər kəsi təmkinli olmağa, insan hüquqlarına hörmət etməyə və seçkilərin nəticələrinin elanından sonra problemlərini dialoq yolu ilə həllinə çağırırıq”.
Xatırladaq ki, daha əvvəl Qabonun bir qrup yüksək rütbəli hərbi məmuru milli televiziya vasitəsilə hakimiyyətə gəldiklərini elan edib. Üsyançılar arasında Bris Kloter Oliqi Nquemanın rəhbərlik etdiyi Respublika Qvardiyasının, eləcə də təhlükəsizlik xidmətlərinin, ordunun və polisin nümayəndələri var. Qiyamçılar avqustun 26-da keçirilmiş və Əli ben Bonqo Ondimbanın üçüncü müddətə seçildiyi prezident seçkilərinin nəticələrini ləğv ediblər. Hərbçilər prezidentin ailə üzvləri və həkimlərin əhatəsində ev dustağı olduğunu bildiriblər. Əli ben Bonqo Ondimba özü videomüraciət qeydə alaraq prezident iqamətgahı ərazisində hərbçilər tərəfindən saxlanıldığını təsdiqləyib. Qabonda hakimiyyəti ələ keçirən hərbçilər Respublika Qvardiyasının komandanı general Bris Oliqi Nqemanı keçid dövrü üçün dövlət başçısı təyin ediblər.