Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentləri Barak Obama və Donald Tramp Ağ Evdə bir araya gəlib.
"Report" xəbər verir ki, hazırkı prezident Barak Obama Donald Trampla ölkənin yeni seçilmiş prezidenti qismində ilk görüşünü "möhtəşəm" adlandırıb.
O, Trampa kömək etmək üçün əlindən gələni edəcəyinə söz verib. Tramp da öz növbəsində bildirib ki, prezidentliyi dövründə məsləhət üçün Obamaya müraciət edəcək.
Prezidentlər ölkənin daxili və xarici siyasətini müzakirə ediblər.
Obama bildirib ki, hazırda ABŞ-ın qarşısında duran problemlərə birgə müqavimət göstərmək, həmçinin yaxın iki ayda hakimiyyətin dinc şəkildə ötürülməsini təmin etmək lazımdır.
"Əgər Tramp administrasiyası əhəmiyyətli uğur əldə edərsə, bütün ölkə qazanacaq",— deyə Birləşmiş Ştatların hazırkı prezidenti bildirib.
ABŞ-ın yeni administrasiyası Donald Trampın 20 yanvar 2017-ci il tarixində andiçmə mərasimindən sonra fəaliyyətə başlaycaaq.
Noyabrın 8-də ABŞ-da ümumi seçkilər keçirilib. Səsvermənin ilkin nəticələrinə görə, Respublikaçılar Partiyasından namizəd Donald Tramp Seçicilər Kollegiyasının 270 səsini toplayaraq prezidentlik postu uğrunda mübarizədə qələbəni özünə təmin edib.