Dəkkə polisi müxalifətin etirazından sonra 1600-dən çox adamı həbs edib
- 07 noyabr, 2023
- 21:14
Oktyabrın 28-də hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmalarla müşayiət olunan müxalifətin böyük etirazından sonra Banqladeşin paytaxtı Dəkkə polisi 1600-dən çox adamı həbs edib.
“Report” xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.
Oktyabrın 28-də müxalifətdə olan Banqladeş Milli Partiyasının (BNP) Dəkkədə genişmiqyaslı etiraz aksiyası keçirilib və iğtişaşlar zamanı biri polis olmaqla azı iki nəfər həlak olub. Bundan dərhal sonra polis etirazçıları, əsasən fəalları, o cümlədən bu partiyanın liderlərini saxlamağa başlayıb.
Oktyabrın 28-də və ondan sonrakı günlərdə baş vermiş iğtişaşlarla bağlı polis 112 şikayəti qeydə alıb. Onların dörddə biri oktyabrın 28-29-da təqdim edilib, lakin ərizələr sonrakı günlərdə, yəni noyabrın 6-dək daxil olmaqda davam edib.
Qeyd edək ki, Banqladeşdə 2024-cü ilin yanvarında baş nazir Şeyx Hasinanın yenidən seçilmək niyyətində olduğu ümumi seçkilər keçiriləcək. Banqladeş Milli Partiyası isə yayda güclü küçə etirazları kampaniyasına başlayaraq Hasinanın seçkilərdən əvvəl istefasını tələb edib.
Partiya bildirib ki, baş nazirin istefası azad və ədalətli səsverməni təmin etməyin yeganə yoludur.