CNN: “NATO təyyarəsi Polşanın şərqinə düşən raketin trayektoriyasını izləyib”

CNN: “NATO təyyarəsi Polşanın şərqinə düşən raketin trayektoriyasını izləyib” NATO-nun təyyarəsi Polşa ərazisinə düşən raketin trayektoriyasını izləyə bilib
Digər ölkələr
16 Noyabr , 2022 08:03
CNN: “NATO təyyarəsi Polşanın şərqinə düşən raketin trayektoriyasını izləyib”

NATO-nun təyyarəsi Polşa ərazisinə düşən raketin trayektoriyasını izləyə bilib.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Raketin kursu ilə bağlı kəşfiyyat məlumatları NATO və Polşaya təqdim edilib”, - telekanal adı açıqlanmayan Alyans nümayəndəsindən sitat gətirib.

Onun sözlərinə görə, raketi izləyən təyyarə Ukrayna ərazisi ətrafında müntəzəm kəşfiyyat uçuşu həyata keçirirmiş.

Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilirdi. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.

Eyni zamanda, noyabrın 16-da Polşanın tələbi ilə NATO səfirləri Alyansın nizamnaməsinin 4-cü maddəsi əsasında iclas keçirəcəklər.

İnsidentlə əlaqədar çıxış edən Polşa Prezidenti Anjey Duda Alyansın döyüşə hazır vəziyyətdə olduğunu vurğulayıb: “Bu gün söhbət etdiyim bütün liderlər 5-ci maddə daxil olmaqla nizamnamənin bütün müddəalarına hörmətlə yanaşaraq məni müttəfiq dəstəyində əmin ediblər. Bu məsələni birlikdə müzakirə edəcəyik”.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.

Son xəbərlər

Orphus sistemi