Çexiyanın sabiq prezidenti Vatslav Klaus qoruyucu maskanı düz taxmadığına görə 3 min kron (təxminən 135 ABŞ dolları-red) cərimələnib.
Bu barədə “Report” Çex Televiziyasına istinadən xəbər verir.
Klaus antikommunist "məxmər inqilabı"nın ildönümünün Praqanın mərkəzində qeyd edilməsi mərasimində qəsdən maskanı çənəsinə taxıb. Polis əməkdaşları tələb ediblər ki, o, karantin qaydalarına uyğun olaraq ağız və burnunu maska ilə bağlasın, amma sabiq prezident asayiş keşikçilərinin göstərişlərinə tabe olmayıb. Klaus polis bölməsinə aparılıb və protokol tərtib edilib.
Klausdan başqa, həmçinin Səhiyyə Nazirliyinin sabiq başçısı Roman Primula və ANO iqtidar hərəkatı rəhbərinin keçmiş birinci müavini Yaroslav Valtınek də cərimələniblər. Onlar bir müddət əvvəl fövqəladə vəziyyət rejimini pozan restoranda şam ediblər və restorandan çıxan zaman maskasız olublar. Müxbirlər onların belə vəziyyətdə fotolarını çəkiblər. Buna görə Primula Səhiyyə Nazirliyinin başçısı vəzifəsindən məhrum olunub, Valtınekin vəzifəsi ANO başçısının adi müavini postuna qədər aşağı salınıb.