Koreya Respublikasının İxrac-İdxal Bankı Ukraynaya illik 1% faiz dərəcəsi ilə 20 il müddətinə 100 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
“Maliyyə naziri Sergey Marçenko Koreyanın İxrac-İdxal Bankı ilə 100 milyon dollar cəlb edilməsi üzrə kredit müqaviləsi imzalayıb. Kredit 20 il müddətinə cəlb olunur, faiz dərəcəsi illik 1% təşkil edir. Güzəşt müddəti kredit müqaviləsinin imzalandığı tarixdən 5 ildir”, - məlumatda deyilir.
Xatırladaq ki, daha əvvəl Koreya Respublikasının xarici işlər naziri Ço Tae Yol BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi siyasi müzakirələrində çıxış edərkən ilin əvvəlindən Ukraynaya 200 milyon dollar məbləğində humanitar yardım ayrıldığını açıqlamışdı. O, həmçinin humanitar böhranların həlli üçün 100 milyon dollar ayrılmasının planlaşdırıldığını da bildirmişdi.