BMT Təhlükəsizlik Şurası Myanmadakı mövcud hərbi hakimiyyəti dinc nümayişçilərə qarşı zorakılıqdan imtina etməyə, kifayət qədər əsas olmadan həbs olunanların hamısını sərbəst buraxmağa, eyni zamanda hakimiyyətin sivil hökumətə ötürülməsi ilə bağlı konstruktiv dialoqa keçməyə çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının Myanmada vəziyyət üzrə iclasının nəticəsinə əsasən yayılmış bəyanatda deyilir.
"Təhlükəsizlik Şurası dinc yolla etiraz edənlərə, o cümlədən qadınlara, gənclərə və uşaqlara qarşı zorakılığı kəskin pisləyir, qanunsuz şəkildə saxlanılanların hamısını azad etməyə çağırır. Şura hərbçiləri maksimal təmkinlilik göstərməyə çağırır və vurğulayır ki, vəziyyəti diqqətlə müşahidə edir", - mətbuat üçün yayılmış bəyanatda deyilir.
Bundan başqa Təhlükəsizlik Şurasının üzvləri yenidən hakimiyyəti mülki hökumətə ötürməyə çağırıblar.
Təhlükəsizlik Şurasında həmçinin dünya təşkilatının baş katibinin xüsusi nümayəndəsi Kristin Şraner Burqenerin işini qeyd ediblər və onun Myanmada bütün tərəflərlə ən qısa zamanda dialoqun axtarışı üzrə bu ölkəyə səfər etməsi üzrə səylərini dəstəkləyiblər.